ADY Bakı-Tbilisi qatarına saxta bilet satışı barədə xəbərdarlıq etdi

ADY Bakı-Tbilisi qatarına saxta bilet satışı barədə xəbərdarlıq etdi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı — Tbilisi — Bakı marşrutu üzrə saxta qatar biletlərinin satışı ilə bağlı açıqlama yayıb. Qurum bildirib ki, son vaxtlar vətəndaşlardan bilet dələduzluğu ilə bağlı şikayətlər daxil olur. Ayrı-ayrı turizm şirkətləri və sosial şəbəkə hesabları sərnişinlərə mövcud olmayan yerlər üçün saxta biletlər təklif edir.

ADY artıq hüquq-mühafizə orqanlarına müraciətlər ünvanlayıb və faktlarla bağlı araşdırma aparılır. Bu cür dələduzluq halları mütəmadi olaraq qarşısı alınır. Təqsirkar şəxslər və səhifələr müəyyən edilərək qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunur.

Açıqlamada həmçinin vurğulanıb ki, ADY bu istiqamət üzrə turizm şirkətləri və ya vasitəçilərlə əməkdaşlıq etmir. Onlara bilet kvotası da ayrılmır. Sərnişinlərə biletləri yalnız ADY-nin rəsmi saytı, “ADY Mobile” mobil tətbiqi və ya birbaşa dəmir yolu kassaları vasitəsilə almaq qətiyyətlə tövsiyə olunur.