Azərbaycanda Qurban Bayramı qeyd olunur
Bu il Azərbaycanda Qurban bayramı mayın 27-si və 28-nə təsadüf edir.
Qurban bayramı islam dünyasının ən müqəddəs dini bayramlarından biri hesab olunur. Bayram hər il hicri-qəməri təqvimi ilə zil-hiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir.
Qurban kəsmə mərasimi xüsusi qaydalara uyğun və təmiz şəraitdə həyata keçirilməlidir. Ən çox qoyun qurbanlıq seçilsə də, keçi, inək və dəvə də kəsilə bilər. Şəriət qaydalarına əsasən, qurbanlıq heyvan sağlam, qüsursuz və müəyyən yaş həddinə uyğun olmalıdır. Xəstə və ya zəif heyvanların qurban kəsilməsi düzgün sayılmır.
Dini qaydalara görə, heyvan qibləyə tərəf uzadılmalı, Allahın adı çəkilərək qurban niyyəti ilə kəsilməlidir. Qurban ətinin bir hissəsinin ailəyə saxlanılması, digər hissəsinin ehtiyacı olan insanlara verilməsi, qalan hissəsinin isə yaxınlara paylanması tövsiyə olunur.
Qurban bayramının tarixi İbrahim peyğəmbərin həyatında baş verən hadisəyə dayanır. Rəvayətə görə, Allah İbrahim peyğəmbəri sınağa çəkərək oğlu İsmayılı qurban verməsini istəyir. İbrahim peyğəmbər bu əmri yerinə yetirməyə hazır olsa da, Allah onun əvəzinə qurbanlıq qoç göndərir. Bu hadisə Qurani-Kərimdə də qeyd olunur.
Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd edilir. Bayramın rəsmi şəkildə qeyd olunması Milli Məclisin 1992-ci ildə qəbul etdiyi “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsaslanır.
Teqlər: