İlham Əliyev Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak edib
Xarici mənbələrə istinadən portfel.az xəbər verir ki, 15 may tarixində Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə toplantısında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər dövlət başçıları Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimində iştirak edib.
Dövlət başçılarına yaradılması planlaşdırılan mərkəzin detalları barədə məlumat verilib. Layihə türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunması, öyrənilməsi və təşviqinə həsr olunub. Ən yüksək beynəlxalq standartlara uyğun şəkildə layihələndirilən mərkəzin məqsədi türk sivilizasiyasının dünya tarixində özünəməxsus yerə malik, dərin fəlsəfəyə və uzunmüddətli dövlətçilik ənənələrinə sahib qlobal güc olduğunu nümayiş etdirməkdir.
Türk Sivilizasiyası Mərkəzinin yaradılması Türk Dövlətləri Təşkilatının institusional çərçivəsini və mədəni inteqrasiyanı gücləndirməsi fonunda baş verib. Əməkdaşlıq şurasından tamhüquqlu təşkilata çevrildikdən sonra TDT Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da daxil olmaqla üzv ölkələr arasında ortaq təhsil, mədəni və iqtisadi təşəbbüslər vasitəsilə türk dünyasının birləşdirilməsini prioritet istiqamət kimi müəyyən edib.
Teqlər: