İran: ABŞ qəbul etməsə, Hörmüz boğazı bağlı qalacaq

İran: ABŞ qəbul etməsə, Hörmüz boğazı bağlı qalacaq

İran Ordusunun sözçüsü Məhəmməd Əkrəminiya ABŞ-ın Hörmüz boğazında İran hüquq sistemini qəbul etməyəcəyi halda boğazın bağlı qalacağını açıqlayıb. Əkrəminiya iştirak etdiyi anım tədbirində çıxış edərək, Hörmüz boğazına nəzarətin İran üçün milli tələb olduğunu bildirib. O, silahlı qüvvələrin xalqın hüquqlarından geri addım atmayacağını vurğulayıb.

Əkrəminiya deyib: “Əgər ABŞ Hörmüz boğazındakı İran hüquq sistemini qəbul etməsə, boğaz bağlı qalmağa davam edəcək”. ABŞ ilə İran arasındakı gərginliyə diqqət çəkən Əkrəminiya bildirib: “Tərəddüd etmədən sona qədər müqavimət göstərəcəyik və bölgədəki ABŞ müdaxilələrini təsirsiz hala gətirəcəyik”.

Əkrəminiya İranın Hörmüz boğazına nəzarətlə bağlı strategiyasına da toxunub. Onun sözlərinə görə, Amerika qüvvələri cənub sahilindəki bəzi bazalarına hücum edərək boğazı ələ keçirməyi düşündüklərini zənn edir. Lakin İran öz ərazisinin istənilən nöqtəsindən Hörmüz boğazına nəzarət edə bilər. O, bu məsələnin yalnız sahillər və ya adalarla məhdudlaşmadığını bildirib.