İtmiş Boeing 737-nin qalıqları dənizdən çıxarıldı
İstinad edilən indekslər:
Pakistan sahillərində itən K2 Airways-ə məxsus Boeing 737 tipli yük təyyarəsinin qalıqları dənizin dibində tapılıb. Təxminən 12 saat davam edən axtarışlardan sonra aşkarlanan qalıqlar Umara Limanından təxminən 53 dəniz mili (98 kilometr) cənubda yerləşib. 5 nəfərlik ekipajı tapmaq üçün dənizdən və havadan axtarış-xilasetmə işləri davam edir.
Təyyarədə 2 pilot, 2 mühəndis və 1 dəstək əməkdaşı olub. Pakistanın Baş naziri Şahbaz Şərif ailələrə başsağlığı verərək axtarış işlərinin sürətləndirilməsi barədə göstəriş verib. Yük təyyarəsi Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərindən Karaçiyə uçarkən itib.
Pakistan Hava Limanları İdarəsi açıqlayıb ki, təyyarə çərşənbə axşamı yerli vaxtla 21.18-də naviqasiya sistemində problem yarandığını bildirib. Hava hərəkəti dispetçerləri istiqamət verməyə çalışarkən, 3 dəqiqə sonra təyyarənin radar qeydlərində hündürlük itirməyə başladığı və rabitənin kəsildiyi qeyd edilib. Təyyarənin Karaçidən təxminən 287 kilometr qərbdə olduğu bildirilib.
Uçuş izləmə məlumatları təyyarənin son dəqiqələrində sürətli hündürlük dəyişiklikləri yaşadığını göstərir. 1 dəqiqədən az müddətdə təxminən 5 min fut hündürlük itirən təyyarə daha sonra 30 saniyə ərzində 6 min fut yüksəlib və bundan sonra 36 min 550 fut hündürlükdən nəzarətsiz şəkildə enişə keçib. Son siqnal təyyarənin dəniz səviyyəsindən təxminən 1 100 fut yüksəklikdə olduğunu və dəqiqədə 22 min 400 fut enmə sürəti ilə düşdüyünü göstərib.
Keçmiş kommersiya pilotu və aviasiya təhlükəsizliyi üzrə ekspert mövcud uçuş məlumatlarının ekipajın naməlum səbəbdən təyyarəni nəzarətdə saxlamağa çalışdığını göstərdiyini bildirib. İstintaq çərçivəsində qara qutuların tapılıb-tapılmadığı hələ açıqlanmayıb.
Boeing 737-400 tipli təyyarə 1999-cu ildə Aeroflot-a təhvil verilib, 2012-ci ildə yük təyyarəsinə çevrilib və K2 Airways donanmasındakı yeganə təyyarə kimi 2024-cü ildə xidmətə başlayıb.
Teqlər: