Mehriban Əliyevanın doğum günüdür
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti və ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. O, 26 avqust 1964-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. 1981-ci ildə Bakıdakı 23 nömrəli orta məktəbi qızıl medalla bitirib və N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1990-cı illərdə orada oftalmologiya üzrə klinik ordinatura keçib. 1990-1995-ci illərdə Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda çalışıb.
1995-ci ildə Mehriban Əliyeva hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunun yaradılmasının təşəbbüskarı olub. Növbəti il Azərbaycan mədəniyyətini dünyada tanıtmaq məqsədilə Azərbaycan, ingilis və rus dillərində nəşr olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. 7 oktyabr 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilib. Onun rəhbərliyi dövründə ölkədə gimnastika növlərinin sayı 4-dən 9-a yüksəlib. Azərbaycan gimnastları bundan sonra Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında uğurlar qazanıblar. 2014-cü ildə məşqlər və yarışlar üçün nadir idman qurğusu olan Milli Gimnastika Arenası açılıb.
Mehriban Əliyeva həmçinin ümummilli lider Heydər Əliyevin irsinin qorunmasına və milli dövlətçilik ideyalarının gənc nəsillər arasında təbliğinə yönələn Heydər Əliyev Fonduna rəhbərlik edir. 13 avqust 2004-cü ildə Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunması sahəsində səylərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. O, bu missiyasını 15 noyabr 2022-ci ildə başa çatdırıb.
Fəaliyyəti dövründə Mehriban Əliyeva çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb. Onların arasında “Qızıl ürək” beynəlxalq mükafatı, Fransanın “Fəxri Legion” ordeni və 2015-ci ildə mədəniyyət, təhsil, səhiyyə və idman sahələrinə töhfələrinə görə təqdim olunan Azərbaycanın ali dövlət mükafatı — “Heydər Əliyev” ordeni var.
21 fevral 2017-ci ildə Prezidentin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin olunub. O, 1983-cü ildən Prezident İlham Əliyevlə ailəlidir.
Teqlər: