Zelenski: Çin Rusiyanı nüvə silahı ilə bağlı xəbərdar edib
Ukrayna Prezidenti Volodimir Zelenski Çinin Rusiyanı Ukraynaya qarşı nüvə silahından istifadə etməmək barədə xəbərdar etdiyini açıqlayıb. Zelenski keçirdiyi onlayn mətbuat konfransında Rusiya mediasında zaman-zaman “Ukraynanın hücumlarına nüvə silahı ilə cavab verilsə” kimi fikirlərin səsləndiyini bildirib. Onun sözlərinə görə, Çin Rusiyaya bu cür nüvə silahı istifadəsini ağlından belə keçirməməli olduğunu çox aydın və qəti şəkildə, hətta ultimatum formasında çatdırıb.
Avropalı rəsmilər də yüksək səviyyəli Çin rəsmilərinin NATO sammitindən əvvəl bir Qərb hökuməti ilə görüşlərində bu mesajı Moskvaya çatdırdıqlarını təsdiqləyib. Sammit zamanı ən azı bir liderin Zelenski ilə görüşündə Rusiyanın taktiki nüvə silahından istifadə ehtimalı da gündəmə gəlib. Çin Xarici İşlər Nazirliyi isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.
2026-cı il ərzində Rusiyanın nüvə təhdidləri artıb. Vladimir Putinin 2022-ci ildə Ukraynaya qarşı başlatdığı hücumdan bəri Rusiya rəsmiləri və aparıcı media qurumları taktiki nüvə silahlarından istifadəni daha açıq və güclü şəkildə müdafiə edirlər. Pekin daha əvvəl də Moskvanı nüvə təhdidləri səsləndirməmək barədə xəbərdar edib.
Teqlər: