Dünyada 65 yaşdan yuxarı əhali 5 yaşadək uşaqları keçdi

Dünyada 65 yaşdan yuxarı əhali 5 yaşadək uşaqları keçdi

Dünya tarixində ilk dəfə 65 yaş və yuxarı yaşlı əhali 5 yaş və daha aşağı yaşda olan uşaqların sayını keçib. Bu dəyişiklik aşağı doğum səviyyəsi və ömür uzunluğunun artması səbəbindən yaşlı əhalinin sürətlə çoxalması ilə izah olunur.

ABŞ Siyahıyaalma Bürosunun “Yaşlanan dünya: 2025” hesabatına görə, 65 yaş və yuxarı əhalinin dünyadakı payının 2025-ci ildə 10,5 faiz olduğu halda, 2060-cı ildə 19,6 faizə yüksələcəyi gözlənilir. Beləliklə, hər 5 nəfərdən biri yaşlı olacaq. Dünya əhalisi 2025-ci il ilə 2060-cı il arasında təxminən 8 milyarddan 10 milyarda çatacaq, lakin əhali artımının böyük hissəsini yaşlılar təşkil edəcək. Bu dövrdə 65 yaş və yuxarı əhalidə artım 1,148 milyard kimi proqnozlaşdırılır, 0-19 yaş qrupundakı əhali isə sabit qalacaq.

Dünyanın 71 faizində doğum səviyyəsi əhalinin özünü yeniləməsi üçün qəbul edilən qadın başına 2,1 uşaq həddindən aşağıdır. Çin kimi ölkələrdə isə doğum səviyyəsi 2023-cü ildə 1,06-ya enərək qlobal orta göstəricidən xeyli aşağı qalıb.

Əhalinin yaşlanmasının digər səbəbi insanların daha uzun və sağlam yaşamasıdır. Ölüm göstəriciləri bütün yaş qruplarında azalarkən, yaşlı əhali daha aktiv və sağlam həyat sürür. Bu demoqrafik dəyişiklik qlobal cəmiyyətlərin quruluşuna və gələcəyinə əhəmiyyətli təsir göstərəcək.