İran ABŞ-ın yeni iqtisadi təzyiq tədbirlərini rədd etdi

İran ABŞ-ın yeni iqtisadi təzyiq tədbirlərini rədd etdi

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-ın yeni iqtisadi təzyiq tədbirlərini rədd edib. O bildirib ki, bu addımlar uğursuzluğa məhkumdur. Sosial şəbəkədə paylaşdığı açıqlamada Araqçi Vaşinqtonun sanksiyalar vasitəsilə Tehranı tabe etdirmək üçün əvvəlki cəhdlərini xatırladıb və onların nəticə vermədiyini vurğulayıb.

Araqçi qeyd edib ki, son 14 il ərzində ABŞ “tarixin ən dağıdıcı sanksiyaları”nı tətbiq edib, “maksimum təzyiq” siyasəti yürüdüb və İranı “şərtsiz kapitulyasiya”ya çağırıb. Lakin onun sözlərinə görə, bütün bu səylər səmərəsiz qalıb. İndi elan edilən “tarixin ən sarsıdıcı iqtisadi əməliyyatı”nı da eyni aqibət gözləyir.

Daha əvvəl ABŞ prezidenti İranı siyasətini dəyişməyə məcbur etmək məqsədilə genişmiqyaslı iqtisadi təzyiq kampaniyasına başladığını elan edib. Bununla belə, İranın xarici işlər naziri vurğulayıb ki, tarix bu cəhdlərin daim uğursuzluğa düçar olduğunu göstərir.