Alibaba Pentaqonu məhkəməyə verdi
Çinin aparıcı e-ticarət və texnologiya şirkəti Alibaba ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) onu Çin ordusu ilə əlaqəli “hərbi şirkətlər” siyahısına salmasına qarşı hüquqi proses başladıb. ABŞ hökumətinə qarşı qaldırılan iddiada Pentaqon qərarının hüquqi və faktiki əsasının olmadığı bildirilib.
İddia ərizəsində Alibabanın hərbi əlaqəsinin olmadığı, müstəqil direktorlar şurası tərəfindən idarə edildiyi vurğulanıb. Şirkətin məhsul və xidmətlərinin silah, müdafiə və ya kəşfiyyat məqsədli olmadığı qeyd edilib. Alibaba-nın pərakəndə satış, logistika və korporativ informasiya texnologiyaları sahələrində fəaliyyət göstərdiyi bildirilib. Həmçinin şirkətin məhsul və xidmətlərinin hərbi məqsədlə istifadəsini qadağan edən müqavilələrinin olduğu qeyd olunub. Alibaba-nın hərbi sertifikat və ya lisenziyaya malik olmadığı, Çin Dövlət Aktivlərinə Nəzarət və İdarəetmə Komissiyası ilə əlaqəsinin bulunmadığı da vurğulanıb. Alibaba qərarın ləğv edilməsini və hərbi şirkətlər siyahısından çıxarılmasını tələb edir.
Pentaqon 8 iyunda Çin ordusu ilə əlaqəli olduğu iddiası ilə 100-dən çox Çin şirkətinin yer aldığı siyahını açıqlayıb. Bu siyahıya Alibaba və elektrikli avtomobil istehsalçısı BYD kimi aparıcı şirkətlər də daxil edilib. Siyahı ABŞ qurumlarını Çin şirkətləri ilə işləməyin riskləri barədə xəbərdar edir, lakin onun genişmiqyaslı sanksiyalar tətbiq etmədiyi bildirilir. Siyahıda aviasiya, yarımkeçirici, tikinti, rabitə, kompüter avadanlığı və Sİ kimi müxtəlif sektorları təmsil edən şirkətlər yer alır.