Apple ilə Intel arasında tarixi razılaşma
ABŞ Prezidenti Donald Trump Apple ilə Intel arasında mühüm yarımkeçirici razılaşmasının əldə olunduğunu açıqlayıb. Trump sosial media platforması Truth Social-da etdiyi paylaşımda Apple-ın bəzi çiplərinin dizayn və istehsal proseslərində Intel ilə əməkdaşlıq edəcəyini bildirib.
Trump ABŞ-ın yarımkeçirici istehsal gücünü yenidən ölkəyə qaytarmağı hədəflədiklərini qeyd edib. O, Amerika şirkətlərinin yalnız dizaynla kifayətlənməməsinin, bu məhsulları ABŞ sərhədləri daxilində istehsal etməsinin vacibliyini vurğulayıb. İki şirkət arasında danışıqların bir ildən çoxdur davam etdiyi və son dövrdə daha rəsmi xarakter aldığı bildirilir. Lakin Apple və Intel tərəfindən hələlik rəsmi təsdiq verilməyib.
Apple son illərdə qabaqcıl prosessorlarının istehsalını əsasən Tayvan mərkəzli TSMC-yə həvalə edir. Sİ sektorundakı sürətli artım səbəbindən TSMC-yə tələbat yüksəlir. Bu fonda Apple-ın istehsal gücünü şaxələndirmək istəyi uzunmüddətli perspektivdə təchizat təhlükəsizliyini artıra bilər. Bu əməkdaşlıq çərçivəsində Intel Apple üçün prosessor dizayn etməyəcək. Apple özünün hazırladığı M seriyası və digər xüsusi çip dizaynlarını davam etdirəcək, Intel isə müqaviləli istehsalçı kimi fəaliyyət göstərəcək.
Trump-ın açıqlamaları iPhone istehsalının ABŞ-a köçürüləcəyi anlamına gəlmir. Mütəxəssislər iPhone yığım proseslərinin ABŞ-a keçirilməsinin mürəkkəb, bahalı və vaxt aparan proses olduğunu bildirirlər. Razılaşmanın əhatə dairəsi, hansı çipləri əhatə edəcəyi, istehsal texnologiyaları və vaxt qrafiki kimi kritik detallar hələ dəqiqləşməyib. Apple və Intel-dən gələcək rəsmi açıqlamalar əməkdaşlığın reallığını və miqyasını ortaya qoyacaq.
Teqlər: