Avropadan Starlinkə rəqib

Avropadan Starlinkə rəqib

Avropa İttifaqının peyk internet layihəsi IRIS² üzrə planlaşdırma tamamlanıb və layihə icra mərhələsinə keçib. Avropa Komissiyası, Avropa Kosmik Agentliyi (ESA), avropalı istehsalçılar və digər tərəfdaşlarla IRIS²-nin layihələndirilməsi, peyk istehsalı, yerüstü infrastruktur və buraxılış xidmətlərini əhatə edən saziş imzalayıb.

İlkin plandan daha çox peykin istehsal ediləcəyi IRIS² peyk qruplaşması aşağı Yer orbitində 348 peyklə fəaliyyət göstərəcək. Bu rəqəm əvvəlki planlardan 66 peyk çoxdur. ESA-ya görə, əlavə edilən peyklər xüsusilə müdafiə, təhlükəsizlik və fövqəladə hallar xidmətlərində tutumu artıracaq. Bu dəstəyin Aİ üzrə təhlükəsiz ictimai rabitə imkanlarını 60 faiz, qlobal miqyasda isə 54 faiz artıracağı gözlənilir. Beləliklə, Avropa böhran dövrlərində kritik missiyaları daha səmərəli dəstəkləyə biləcək.

IRIS²-nin ilk peykləri 2029-cu ildə buraxılacaq və həmin il xidmətlər mərhələli şəkildə istifadəyə veriləcək. Layihə peyk istehsalı ilə yanaşı, yerüstü infrastruktur və buraxılış xidmətlərini də əhatə edir.

IRIS² peyk sayı baxımından SpaceX-in Starlink layihəsindən kiçik qalır. Starlink-in 10 mindən çox aktiv peyki olduğu halda, IRIS² yalnız 348 peykdən ibarət olacaq. Lakin iki layihənin məqsədləri fərqlidir. Starlink qlobal miqyasda kommersiya genişzolaqlı internet xidməti təqdim etdiyi halda, IRIS² əsasən Aİ qurumlarına və iştirakçı ölkələrin hökumətlərinə təhlükəsiz və fasiləsiz rabitə infrastrukturu təqdim etməyi hədəfləyir.

Norveç və İslandiya kimi iştirakçı ölkələrin də faydalana biləcəyi IRIS² fövqəladə hallara müdaxilə, humanitar yardım əməliyyatları, sərhəd müşahidəsi və digər kritik missiyalarda istifadə olunacaq. Yerüstü rabitə infrastrukturunun yetərsiz olduğu və ya zərər gördüyü hallarda peyk bağlantısı işə düşəcək. Layihənin növbəti mərhələlərində müəssisələrin və fərdi istifadəçilərin də sistemdən yararlanması planlaşdırılır. Xüsusilə internet infrastrukturunun olmadığı və ya etibarlı sayılmadığı bölgələrdə peyk bağlantısından istifadə hədəflənir.