Azərbaycanın Sİ strategiyası təqdim olunub
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Səməddin Əsədov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “Regional rəqəmsal iqtisadiyyatların inkişafı üçün Sİ-dən istifadə” adlı panel müzakirəsində ölkənin süni intellekt (Sİ) strategiyasını təqdim edib. O, Sİ-nin iqtisadiyyatları gücləndirmək, xidmət keyfiyyətini artırmaq və regional inteqrasiyanı irəli aparmaq potensialını vurğulayıb.
Əsədov vahid strateji sənədlər əsasında milli Sİ ekosisteminin inkişafı istiqamətində Azərbaycanın əldə etdiyi irəliləyiş barədə ətraflı məlumat verib. O qeyd edib ki, Sİ Azərbaycanın daha geniş rəqəmsal transformasiyasının və innovasiyalara əsaslanan iqtisadiyyatının əsas komponentlərindən biridir.
Nazir müavini Sİ-dən tam faydalanmaq üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb və İslam İnkişaf Bankının üzv ölkələri birləşdirən platforma kimi rolunu önə çəkib. O, həmçinin ölkələr arasında əməkdaşlığı gücləndirmək üçün birgə rəqəmsal platformaların və Sİ sistemlərinin idarə olunması üzrə dialoqa Azərbaycanın dəstəyini qeyd edib.