Bezos 100 mlrd dollarlıq Sİ sənaye fondu yaradır
Amazon-un qurucusu Jeff Bezos köhnə sənaye şirkətlərini satın alaraq onları süni intellekt (Sİ) vasitəsilə modernləşdirmək üçün 100 milyard dollarlıq yeni fond yaratmağı planlaşdırır.
Məlumata görə bu təşəbbüs Bezos-un Sİ sahəsində fəaliyyət göstərən Project Prometheus startapı ilə əlaqəlidir. Bezos bu şirkətdə keçmiş Google meneceri Vik Bajaj ilə birlikdə həmtəsisçi və həmmüdir vəzifəsini icra edir.
Prometheus ilkin mərhələdə 6,2 milyard dollar maliyyə ilə fəaliyyətə başlayıb və aerokosmik, avtomobil və digər sənaye sahələrində istehsal və mühəndislik proseslərini təkmilləşdirəcək qabaqcıl Sİ modellərinin hazırlanmasına fokuslanıb.
Planlaşdırılan fond isə bu strategiyanı genişləndirməyə xidmət edəcək. Fond vasitəsilə müxtəlif sənaye şirkətləri satın alınacaq və daha sonra onların fəaliyyətinə Prometheus-un Sİ texnologiyaları inteqrasiya ediləcək.
Qeyd edək ki, bəzi mənbələrə əsasən Bezos artıq bu təşəbbüs üçün kapital cəlb etmək məqsədilə Sinqapur və Yaxın Şərq ölkələrinə səfərlər edib.
Fondun əsas hədəf sektorları arasında aerokosmik sənaye, yarımkeçirici istehsalı və müdafiə sənayesi yer alır. Bu sahələrdə fəaliyyət göstərən şirkətlərin alınaraq texnoloji baxımdan yenilənməsi planlaşdırılır.
Teqlər: