Meta 700 nəfəri işdən çıxarır

Meta 700 nəfəri işdən çıxarır

xarici mənbələrə istinadən portfel.az xəbər verir ki, Meta süni intellekt strategiyasını gücləndirmək məqsədilə işçilərin ixtisarına başlayıb.

Məlumata görə, ilkin mərhələdə təxminən 700 əməkdaş işdən azad edilir. İxtisarlar əsasən şirkətin Reality Labs bölməsini, sosial media istiqamətini və insan resusları komandalarını əhatə edir.

Şirkət bildirib ki, bu addım biznesin daha effektiv işləməsi və süni intellektə yönəlik transformasiyanın sürətləndirilməsi məqsədi daşıyır. Mark Zuckerberg daha əvvəl açıqlamalarında komandaların “düzləşdirilməsi” (flattening) strategiyasını vurğulamışdı. Onun sözlərinə görə, artıq bəzi layihələr böyük komandalar əvəzinə az sayda yüksək ixtisaslı mütəxəssis tərəfindən həyata keçirilə bilir.

Daha geniş ixtisar ehtimalı

Məlumatlara görə, Meta ümumilikdə işçi heyətinin 20%-ni ixtisar edə bilər ki, bu da təxminən 15 min nəfər deməkdir. Şirkətin 2026-cı ilin əvvəlində 78.800 əməkdaşı olub və belə bir addım heyətin 2021-ci ildən bəri ən aşağı səviyyəyə enməsi ilə nəticələnə bilər.

Meta son illərdə süni intellekt sahəsində xərclərini kəskin şəkildə artırıb. 2025-ci ildə şirkətin ümumi xərcləri 24% artaraq 118 milyard dollara çatıb.

Meta süni intellekt sahəsində OpenAI, Google və Anthropic kimi rəqiblərlə mübarizə aparır.

Bu məqsədlə şirkət yüksək səviyyəli mütəxəssisləri cəlb etmək üçün böyük məbləğlər xərcləyir. Məlumatlara görə, bəzi Sİ tədqiqatçılarına 100 milyon dollara qədər imza bonusu təklif olunub.

Eyni zamanda, Zuckerberg Scale AI şirkətinə 14 milyard dollar investisiya qoyub və onun həmtəsisçisi Alexander Wang-ı Meta-nın Sİ strategiyasına rəhbər təyin edib.

Meta-nın addımları göstərir ki, şirkət prioritetlərini dəyişərək işçi sayını azaltmaq hesabına süni intellektə daha çox resurs ayırır. Bu isə texnologiya sektorunda “Sİ uğrunda yarışın” daha da kəskinləşdiyini göstərir.

Teqlər: