SpaceX-in IPO-su iyunda ola bilər
SpaceX-in gözlənilən ilkin kütləvi təklifi iyunda baş tuta bilər. Elon Muskın kosmos və texnologiya şirkəti SpaceX-in uzun müddətdir müzakirə olunan birjaya çıxış prosesində kritik mərhələyə çatdığı irəli sürülüb. Reuters-in mövzuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, şirkət IPO təqvimini sürətləndirib. Bildirilənlərə görə, 12 iyuna qədər Nasdaq-da ticarətə başlamaq üçün addımlar atılır.
Bildirilən məlumatlara görə, şirkətin IPO qərarını rəsmi olaraq çərşənbə günü elan edəcəyi gözlənilir. Bundan sonra investor görüşlərini əhatə edən IPO təqdimat turu 4 iyunda başlayacaq. Səhm satışının isə 11 iyun ətrafında başlanması planlaşdırılır.
1,75 trilyon dollar dəyərləndirmə
SpaceX-in IPO planları əslində ilin ilk aylarında gündəmə gəlib. Şirkətin IPO prosesi üçün zəruri sənədləri hazırlayaraq rəsmi müraciətlərin ilk mərhələlərini tamamladığı bildirilmişdi. Həmin dövrdə IPO-nun iyunun sonu və ya iyulun əvvəlində keçirilə biləcəyi müzakirə olunurdu. Lakin son məlumatlar şirkətin təqvimi ciddi şəkildə irəli çəkdiyini göstərir.
Şirkətin IPO-dan 75 milyard dollar səviyyəsinə qədər vəsait toplamağı hədəflədiyi bildirilir. SpaceX-in hədəflədiyi şirkət dəyəri isə texnologiya sektorunda indiyədək görülən ən yüksək rəqəmlərdən biri ola bilər. Reuters-ə görə, şirkət investorların qarşısına 1,75 trilyon dollar dəyərləndirmə ilə çıxmağı planlaşdırır. Bu, tarixin ən böyük IPO-su olacaq.
The Information tərəfindən paylaşılan ayrıca xəbərdə isə dünyanın ən böyük aktiv idarəetmə şirkətlərindən biri olan BlackRock-un SpaceX IPO-suna böyükmiqyaslı investisiya yatırmağı nəzərdən keçirdiyi irəli sürülüb. İddiaya görə, şirkət IPO çərçivəsində 5 ilə 10 milyard dollar arasında investisiya qoymağı düşünür.
IPO prosesinin planlaşdırıldığı kimi irəliləməsi halında SpaceX Nasdaq-ın ən diqqətçəkən texnologiya şirkətlərindən birinə çevrilə bilər. Şirkətin mümkün birja kodunun isə “SPCX” ola biləcəyi müzakirə olunur.
Kosmik daşımalar, peyk interneti, Sİ, eləcə də gələcək Ay və Mars layihələri kimi çoxsaylı sahələri əhatə edən fəaliyyəti səbəbindən SpaceX-in IPO-su yalnız maliyyə dünyasında deyil, texnologiya sektorunda da ilin ən böyük hadisələrindən biri kimi qiymətləndirilir.