Türkiyədə robot xilasedicilər işə başlayıb

Türkiyədə robot xilasedicilər işə başlayıb

Tekirdağ Böyükşəhər Bələdiyyəsi Marmaraereğlisi, Süleymanpaşa və Şarköy sahillərində uzaqdan idarə olunan pilotsuz xilasedici vasitələri istifadəyə verib. Bu robot xilasedicilər boğulma təhlükəsi yaşayan şəxslərə sürətli müdaxilə edərək onların suyun üzərində qalmasını təmin etməyi hədəfləyir.

Sahildə olan təlim keçmiş xilasedici operatorlar tərəfindən idarə edilən vasitələr peşəkar xilasedici hadisə yerinə çatana qədər ilk müdaxiləni sürətlə həyata keçirir. Yüksək sürət və manevr qabiliyyətinə malik bu vasitələr həm sakit dəniz şəraitində, həm də dalğalı sularda işləyə biləcək şəkildə hazırlanıb.

Standart üzmə məsafəsində xilasedicinin təhlükədə olan şəxsə çatma müddəti təxminən 120 saniyə olduğu halda, robot xilasedicilərlə bu müddət 20 saniyəyədək endirilə bilir. Beləliklə, müdaxilədə təxminən 6 dəfə sürətlənmə təmin olunur.

Sistem dron dəstəkli müşahidə sistemi və sahildəki xilasedici operatorlarla koordinasiyalı şəkildə işləyir. Dronlar sahilin və dəniz səthinin geniş ərazisini havadan skan edərək təhlükəni erkən aşkarlayır. Pilotsuz xilasedici vasitə isə birbaşa təhlükədə olan şəxsə çataraq ilk müdaxiləni həyata keçirir.

Təlim sınaqlarında uğurlu nəticələr verən bu sistem yay mövsümü boyunca Tekirdağda müəyyən edilmiş sahillərdə xidmət göstərəcək. Xüsusilə mavi bayraqlı və sıx istifadə olunan çimərliklərdə xidmət göstərəcək robot xilasedicilərlə boğulma hallarına daha sürətli müdaxilə edilməsi hədəflənir.