Tramp kuantum texnologiyaları ilə bağlı sərəncam imzalayıb

Tramp kuantum texnologiyaları ilə bağlı sərəncam imzalayıb

ABŞ Prezidenti Donald Tramp kuantum texnologiyalarının inkişaf etdirilməsi və dövlət qurumlarında istifadəsinin sürətləndirilməsi məqsədilə iki yeni prezident sərəncamı imzalayıb. Bu qərarlarla ABŞ-ın kuantum kompüterlərinin hazırlanması üzrə işləri sürətləndirməsi, federal qurumlarda kuantum əsaslı sistemlərin genişləndirilməsi və kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi hədəflənir.

Tramp Ağ Evdə keçirilən imzalama mərasimində çıxış edərək kuantum texnologiyalarının ölkənin iqtisadi artımı baxımından böyük əhəmiyyət daşıyan yeni nəsil innovasiyanı təmsil etdiyini bildirib. ABŞ-ın hazırda bu sahədə açıq şəkildə lider olduğunu deyən Tramp bu liderliyi daha da irəli aparacaqlarını vurğulayıb.

İlk sərəncamda mühüm elmi hesablamalar apara bilən kuantum kompüterinin hazırlanması və qarşıdakı 5 il ərzində kuantum əsaslı sensorlar ilə şəbəkələrin yaradılması üçün milli təşəbbüsə başlanıldığı bildirilib. 2031-ci ilə qədər həyata keçiriləcək bu təşəbbüs üçün indiyədək ən böyük investisiyalar yatırılacaq.

İkinci sərəncamda isə federal qurumların kompüter sistemlərinin 2031-ci ilə qədər “kuantum kriptoqrafiyası” adlandırılan sistemə keçirilməsi və güclü təhlükəsizlik standartlarının geniş miqyasda tətbiqi nəzərdə tutulur. Bu addım kibertəhlükəsizlik təhdidlərinin azaldılmasında mühüm rol oynayacaq.