50 illik şokolad istehsalçısı iflas olmağa doğru gedir

50 illik şokolad istehsalçısı iflas olmağa doğru gedir

Almaniyada yerləşən şokolad istehsalçısı DreiMeister Spezialitäten artan xərclər səbəbindən müflisləşmə prosesinə daxil olub. Təxminən 50 illik tarixə malik şirkət üçün 21 may 2026-cı ildə müvəqqəti özünüidarəetmə prosesi başladılıb. Şirkətin fəaliyyətini dayandırmayacağı, istehsalı davam etdirəcəyi və mövcud sifarişlərin gecikdirilməyəcəyi bildirilib. İşçilərin maaşlarının da təminat altında olduğu qeyd olunub.

Şirkətin yenidən strukturlaşdırılması prosesinə hazırkı rəhbər Markus Luckey rəhbərlik edəcək, iqtisad hüquqşünası Michael Schütte isə müvəqqəti qəyyum təyin olunub. Rəhbərlik maliyyə böhranının əsas səbəbləri kimi kakao qiymətlərinin yüksəlməsini, enerji və personal xərclərinin artmasını göstərib. Xüsusilə kakao qiymətlərinin tarixi səviyyələrə qalxmasının Almaniya qənnadı sektorunu çətin vəziyyətə saldığı bildirilib.

DreiMeister Spezialitäten əl istehsalı trüf və pralin çeşidləri ilə tanınır və məhsullarını 20-dən çox ölkəyə ixrac edir. Müştəri portfelinə otellər, hava yolu şirkətləri və Michelin ulduzlu restoranlar daxildir. Şirkətin təxminən 110 əməkdaşı var.

Avropa üzrə enerji xərcləri və xammal qiymətlərindəki artım bir çox qida şirkətinin maliyyə baxımından çətinlik çəkməsinə səbəb olur. Ekspertlər kakao qiymətlərindəki yüksəlişin sektorda yeni müflisləşmələrə yol aça biləcəyi barədə xəbərdarlıq edirlər.