Azərbaycan və Türkmənistan Aşqabadda konsulluq məsləhətləşmələri keçirib
2 sentyabrda Azərbaycan Xarici İşlər Nazirliyi və Türkmənistan Xarici İşlər Nazirliyi Aşqabadda növbəti konsulluq məsləhətləşmələrini keçirib. Azərbaycan nümayəndə heyətinə Konsulluq idarəsinin rəisi Emil Səfərov, Türkmənistan nümayəndə heyətinə isə Konsulluq xidmətləri idarəsinin rəisi Dövlətmırat Muratov rəhbərlik edib.
Görüşdə Türkmənistanın Daxili İşlər Nazirliyi, Miqrasiya Xidməti və Baş Prokurorluğunun rəsmiləri iştirak edib. Həmçinin Azərbaycanın Daxili İşlər Nazirliyinin nümayəndələri və Azərbaycanın Türkmənistandakı səfirliyinin əməkdaşları görüşə qatılıb.
Məsləhətləşmələr zamanı tərəflər konsulluq sahəsində əməkdaşlığın hazırkı vəziyyətini və gələcək perspektivlərini müzakirə edib. Əsas mövzular sırasında hər iki ölkə vətəndaşlarının hüquq və maraqlarının qorunması, viza prosedurlarının sadələşdirilməsi yer alıb. Nümayəndə heyətləri daxili işlər, vətəndaşlıq, miqrasiya, ədliyyə və təhsil kimi sahələrdə əməkdaşlığı da nəzərdən keçirib.
Məsləhətləşmələr hər iki nümayəndə heyətinin rəhbərləri tərəfindən protokolun imzalanması ilə başa çatıb. Növbəti məsləhətləşmələrin gələn il Bakıda keçirilməsi barədə razılıq əldə olunub.
Teqlər: